Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçı məlum olacaq.

Yarımfinal mərhələsinin ilk qarşılaşmasında Madriddə 1:1 hesablı heç-heçə edən “Real” və “Çelsi” bu dəfə “Stemford Bric”də üz-üzə gələcək. Ümumi statistik göstəricilərdə “Çelsi” bir qədər rəqibindən üstündür. İlk oyunda iştirak edən Daniel Karvahal və Rafael Varanın La Liqanın 34-cü turunda “Osasuna” ilə oyunda zədələnməsi isə “Real”ın müdafiə xəttindəki işlərini daha da çətinləşdirir. Tomas Tuxelin bundan əvvəl PSJ-də çalışdığı vaxtlarda – daha dəqiq 2019-2020 mövsümünün Çempionlar Liqasının A qrupunun hər iki oyununda müqavimətini qıra bilməyən Zinəddin Zidan qarşıdakı matçda qələbəyə ümid bəslədiklərini bildirib: “Bura qədər var gücümüzü ortaya qoyaraq gəldik. İlk oyunda bəzi planlarımız ürəyimizcə olmadı. Lakin sona qədər mübarizə apardıq. Problemlərin olması danılmazdır. Buna baxmayaraq səfərdə də olsaq qalib gəlməyə çalışacağıq. Meydanda “Real”ın nəyə qadir olduğunu göstərməliyik”

Tomas Tuxel isə oyunla bağlı bir qədər ehtiyyatlı danışıb: “Rəqibimizin kim olduğunu yaxşı başa düşürük. Madriddə bizə yaxşı müqavimət göstərdilər. Müəyyən epizodlarda hətta futbolçularım bir qədər çətinliklə üzləşdilər. İndi isə öz meydanımızdayıq. Bu bizi arxayın etməsə də, qismən qələbəyə kökləyir. Lakin hər şeyin necə bitəcəyini əvvəlcədən söyləmək çətindir.”

Qeyd edək ki, “Çelsi” – “Real” matçı bu gün Bakı vaxtı ilə saat 23-də start götürəcək.